Faİz dərəcələrİ
Vətəndaşlar üçün Qaynar xətt
Müntəzəm verilən suallar
İpoteka kreditləri almaq üçün hara müraciət etmək lazımdır?

www.e-ipoteka.az saytına bax.

 
İpoteka kreditləri hansı şərtlərlə verilir?

İpoteka kreditlərinin verilməsi şərtlərinə bax.

 
İpoteka kreditləri almaq üçün minimal əmək haqqına tələb varmı?

Xeyr, əmək haqqına minimal tələb qoyulmamışdır. 

 
Borcalanın ilkin qiymətləndirilməsi üçün hansı sənədlər tələb olunur?

Bunun üçün heç bir sənədin təqdim olunması tələb olunmur. İlkin qiymətləndirmə zamanı bankda müvafiq ərizənin doldurulması və lazımi məlumatların təqdim edilməsi nəzərdə tutulur.

 
Kreditin alınması ilə bağlı borcalan hansı xərcləri ödəyir?

İpoteka kreditinin alınması ilə bağlı xərclərə bax.

 
Kreditin alınmasında yaş məhdudiyyəti varmı?

Kreditin son ödəniş tarixinə borcalanın və ya birgə borcalanın yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən (kişilər-63 yaş, qadınlar-60 yaş) çox olmamalıdır.Yəni, kredit müqaviləsi bağlanan ana borcalanın 50 yaşı varsa, müqavilə kişilər üzrə 13 ildən, qadınlar üzrə isə 10 ildən artıq müddətə bağlanıla bilməz.

 
Mülkiyyətində yaşayış sahəsi olan şəxs ipoteka krediti ala bilərmi?

Bəli, ala bilər.

 
İpoteka krediti vasitəsi ilə rayonda yerləşən mənzil və ya ev almaq olarmı?

İpoteka kreditləşməsi Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir.

 
İpoteka krediti ilə alınacaq yaşayış sahəsinin qiymətləndirilməsində hansı meyarlar əsas götürülür?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İpoteka kreditləşməsi vasitəsi ilə yaşayış sahəsinin  1 kvadratmetri üçün orta bazar qiymətinin müəyyən edilməsi Qaydası"na uyğun olaraq, Bakı şəhəri, habelə onun şəhər və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində 1 kvadratmetr  təmirli yaşayış sahəsinin orta qiyməti müəyyən edilir və alınan yaşayış sahəsinin qiymətləndirilməsində əsas meyar kimi götürülür. Digər meyarlar isə yaşayış sahəsinin təmirlilik səviyyəsi, yerləşdiyi ərazi, otaqların sayı, ilkin və ya təkrar bazar göstəriciləridir.

 
İpoteka krediti ilə hansı yaşayış sahəsini almaq olar?

İpoteka krediti ilə yalnız mülkiyyət sənədi (DƏDRX-dən çıxarış) olan və təmirli yaşayış sahəsini almaq olar.

 
Torpaq sahəsi əldə etmək üçün ipoteka krediti almaq olar?

Xeyr, almaq olmaz.

 
Aylıq məcmu gəlir nədir?

Aylıq məcmu gəlir – borcalanın (borcalanların) müraciətindən əvvəlki ardıcıl gələn 12 (on iki) aylıq dövr ərzində sabit və sənədlə təsdiq olunan bütün növ gəlirlərinin orta aylıq məbləğinin məcmusudur.

 
İpoteka verilməsi zamanı potensial borcalanın qeyri-rəsmi gəlirləri nəzərə alınırmı?

Xeyr, ipoteka kreditlərinin verilməsi zamanı potensial borcalanın yalnız rəsmi gəlirləri nəzərə alınır. Bunlara aşağıdakılar aiddir:

1.Muzdlu işlə əlaqədar aylıq məcmu gəlir:

iş yeri üzrə əsas və əlavə gəlir (əmək haqqı, əmək haqqına əlavə, mükafat və s.);

istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə davamlı ödənclər.

 2. Qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir

  • faiz gəliri;
  • dividend;
  • qiymətli kağızlardan əldə olunan gəlirlər;
  • əmlakın icarəyə verilməsindən gəlir;
  • royalti.

Bu gəlirlər ipoteka kreditinin verilməsi üçün tələb olunan aylıq gəlirin ən çoxu 50 faizi həcmində nəzərə alınır.

 3. Sahibkarlıq fəaliyyətindən gəlir:

Sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Bu zaman borcalan (borcalanlar) ən azı son 24 (iyirmi dörd) ay müddətində sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdır. Sadələşdirilmiş vergi ödəyiciləri üzrə nəzərə alınan aylıq məcmu gəlirin məbləği, gəlir və xərclərin əsaslandırılmış təhlili əlavə olunmaqla, ticarət və istehsal sahələri üzrə ortaaylıq dövriyyənin 20 faizindən, xidmət sahələri üzrə isə 40 faizindən çox ola bilməz.

 4. Cari transfertlər (əmək pensiyaları, sosial müavinətlər (birdəfəlik müavinətlər istisna olmaqla), təqaüdlər, sığorta ödənişləri, maddi yardımlar (birdəfəlik maddi yardımlar istisna olmaqla) və aliment).

 
İlkin ödəniş mütləqdirmi?

Bəli. “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin,  o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"na əsasən ipoteka kreditinin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 85 faizindən çox və 75 faizindən az olmamalıdır,  güzəştli ipoteka krediti isə kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 90 faizi həcmində verilməlidir.

Belə ki, alınan yaşayış sahəsinin qiymətinin 25% -dək olan hissəsi (güzəştli kreditlər üçün 10%) borcalanın şəxsi vəsaiti hesabına ödənilməlidir. Belə ki, borcalan tərəfindən ödənilən ilkin ödənişin məbləği müstəqil qiymətləndirici şirkətlər tərəfindən alınan yaşayış sahəsinin bazar dəyərinin qiymətləndirilməsi nəticəsində müəyyən olunur və satıcıya çatır.

 
Sığorta və qiymətləndirici şirkətlərin seçimində bankın iştirakı mütləq şərtdirmi?

Hər bir borcalan "Azərbaycan İpoteka Fondu" ASC-nin müvəkkil təşkilatlarının siyahısına daxil olan qiymətləndirici şirkətlərin seçimində tam azaddır. Lakin sığorta şirkətinin seçilməsi müvəkkil bankla razılaşdırılmış qaydada həyata keçirilir.

 
Bir ailədən neçə nəfər ipoteka krediti ala bilər?

Ailə üzvlərinin maddi vəziyyəti imkan verdiyi, hər bir ailə üzvünün saxlanılması üçün xərc ödənildiyi halda ipoteka kreditinin verilməsinə dair heç bir məhdudiyyət qoyulmur. Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.

 
İpoteka krediti alarkən ipoteka (girov) tələb olunurmu?

İpoteka krediti mülkiyyət hüququ rəsmiləşdirilmiş yaşayış sahəsinin özünün girov qoyulması şərtilə verilir.

 
Mən ev tikdirmək istəyirəm. Bunun üçün ipoteka krediti götürə bilərəmmi?

Xeyr. İpoteka krediti evin tikintisi üçün deyil, yalnız fərdi yaşayış evi və ya çoxmənzilli yaşayış evində ayrıca mənzilin alınması məqsədilə verilir.

 
Ailədə 5 nəfər əmək haqqı alırıq, ailəmizin aylıq ümumi rəsmi gəliri 1500 manatdır; biz ipoteka krediti götürə bilərikmi?

Bəli. İpoteka krediti götürmək üçün bir borcalanın aylıq gəliri kifayət etmədikdə borcalanın yaxın qohumları (ata, ana, bacı, qardaş, həyat yoldaşı, övladlar- 2 nəfərdən çox olmamaq şərtilə) onunla birlikdə borcalan kimi iştirak edə bilər.

 
Həyat sığortası müqaviləsi mütləqdirmi?

Bəli. Qeyd etdiyiniz sığorta növü həyatınızın və ya əmək qabiliyyətinizin itirilməsi halında sizin kredit müqaviləsi üzrə qalıq borcunuza bərabər məbləğin sığorta şirkəti tərəfindən ödənilməsi üçün lazımdır. Bu zaman mənziliniz sizin mülkiyyətinizdə (və ya sizin varislərinizin mülkiyyətində) qalacaqdır. Sizin kredit borcunuz isə tam ödəniləcəkdir.

 
Mən ipoteka ilə aldığım mənzili satmaq istəyirəm, bu mümkündürmü?

Bəli. Mövcud qaydalara əsasən bu halda borcalanın ipoteka krediti üzrə öhdəliyi başqa ödəmə qabiliyyəti olan şəxsə ötürülür. Öhdəliyin ötürüldüyü şəxs isə ipoteka krediti almaq üçün lazım olan bütün  tələblərə cavab verməlidir.

 
Vətəndaşa hansı məbləğdə ipoteka krediti düşür?

Bu zaman  vətəndaş "Azərbaycan İpoteka Fondu" ASC-nin  rəsmi internet səhifəsinə (www.amf.az) daxil olub "İpoteka Kalkulyatoru" bölməsi vasitəsi ilə hansı məbləğdə ipoteka krediti əldə edə  biləcəyi haqqında məlumat ala bilər bilər.

 
İpoteka götürənlərİn sayı
1
8
9
6
9
Verilmiş ipoteka kreditləri üzrə məbləğ
791 519 830 keçib.
Müvəkkİl təşkİlatlar